Son dəqiqə

Məşğulluq işsizlik Türkiyə Statistika Təşkilatı (TÜİK) işsizliyin azaldılması Türkiyədə işsizlik səviyyəsi 2025 Türkiyədə məşğulluq göstəriciləri gənclər arasında işsizlik Türkiyə İşsizlik səviyyəsi

Türkiyədə yanvar ayında işsizlik artıb: Rəsmi göstərici 8,1 faizə yüksəldi

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Statistika Komitəsinin (TÜİK) açıqladığı 2026-cı ilin yanvar ayına dair işçi qüvvəsi hesabatına əsasən, ölkədə işsizlik səviyyəsi ötən ayla müqayisədə 0,3 faiz artaraq 8,1 faiz təşkil edib.

TurkicWorld xəbər verir ki, bu dövrdə 15 və daha yuxarı yaşdakı şəxslər arasında işsizlərin sayı 73 min nəfər artaraq ümumilikdə 2 milyon 819 min nəfərə çatıb. Gender bölgüsünə gəldikdə isə işsizlik dərəcəsi kişilərdə 6,6 faiz, qadınlarda isə 11,0 faiz olaraq qiymətləndirilib.

Yanvar ayında məşğul əhalinin sayında kəskin azalma müşahidə olunub. Məşğul olanların sayı əvvəlki aya nisbətən 516 min nəfər azalaraq 31 milyon 953 min nəfərə düşüb. Bununla da məşğulluq səviyyəsi 0,8 bənd azalaraq 47,9 faiz olub. İşçi qüvvəsində də bənzər tendensiya qeydə alınıb; işçi qüvvəsinə daxil olanların sayı 443 min nəfər azalaraq 34 milyon 772 min nəfərə, işçi qüvvəsində iştirak səviyyəsi isə 52,1 faizə geriləyib.

15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi 0,1 bənd artaraq 14,3 faiz olub. Gənc kişilərdə bu göstərici 11,9 faiz, gənc qadınlarda isə 19,0 faiz təşkil edib. Statistikada diqqət çəkən digər məqam isə həftəlik orta iş saatlarıdır. Yanvar ayında mövsümi və təqvim təsirlərindən arındırılmış həftəlik faktiki iş vaxtı 0,7 saat azalaraq 42,4 saat kimi qeydə alınıb. Həmçinin, genişmiqyaslı işsizliyi ifadə edən atıl işçi qüvvəsi səviyyəsi 0,9 bənd artaraq 29,9 faizə yüksəlib.

Mövzuya görə xəbərlər