BAKI,TurkicWorld,Yusif Şərifzadə
Kanada dolları (loonie) gözləniləndən daha güclü məşğulluq göstəricilərinin açıqlanmasından sonra ABŞ dollarına nisbətdə son səkkiz həftənin ən yüksək səviyyəsinə yüksəlib.
TurkicWorld xəbər verir ki, cümə günü Kanada dolları ABŞ dollarına qarşı 0,6 faiz bahalaşaraq 1 ABŞ dolları = 1,3935 Kanada dolları səviyyəsində ticarət olunub. Bu, iyunun 11-dən bəri qeydə alınan ən yüksək göstəricidir.
Rəsmi statistikaya görə, iyul ayında Kanadada məşğulluq 75 100 nəfər artıb. Analitiklər isə cəmi 16 500 yeni iş yeri yaradılacağını proqnozlaşdırırdılar.
Eyni zamanda, ölkədə işsizlik səviyyəsi 6,4 faizə enərək son iki ilin ən aşağı həddinə düşüb.
CIBC Capital Markets-in baş iqtisadçısı Endryu Qrantham bildirib ki, son hesabat ikinci rübdə müşahidə olunan iqtisadi artım tempinin üçüncü rübün əvvəlində də davam etdiyini göstərir.
İlkin məlumatlara əsasən, Kanada iqtisadiyyatı ikinci rübdə 3,4 faiz artım nümayiş etdirib.
Kanadanın əsas ixrac məhsullarından olan neftin qiymətinin də 0,5 faiz artaraq 77,64 dollar səviyyəsinə yüksəlməsi ölkə valyutasına əlavə dəstək verib. İnvestorlar Körfəz ölkələri ilə İran arasında Hörmüz boğazının yenidən açılması istiqamətində mümkün razılaşma siqnallarını da qiymətləndirirlər.




