BAKI,TurkicWorld
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,5 ABŞ dolları və ya 4,61 faiz artaraq bir barel üçün 124,76 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 5,04 ABŞ dolları və ya 4,49 faiz artaraq 117,33 ABŞ dolları təşkil edib.
"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,64 ABŞ dolları və ya 6,91 faiz artaraq bir barel üçün 87,22 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 6,67 ABŞ dolları və ya 5,54 faiz azalaraq bir barel üçün 127,11 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin bir barelinin qiyməti 93 dollar ətrafında qərarlaşıb.
"Neft qiymətləri ardıcıl iki sessiyada artdıqdan sonra ABŞ-nin Yaxın Şərqə daha bir təyyarədaşıyan gəmi göndərmə ehtimalını nəzərdən keçirməsi fonunda bu səviyyədə qalıb. Bu addım İranla müharibənin daha da genişlənməsi və regiondan enerji tədarükünün əlavə pozulması ehtimalını artırır.
Pentaqon, həmçinin Fars körfəzinə 10 minədək dənizçi və dəniz piyadasının göndərilməsini nəzərdən keçirir. Bu, ABŞ Prezidenti Donald Trampa İrana qarşı hücumları gücləndirmək qərarına gəldiyi təqdirdə əlavə seçimlər verə bilər.
Məlumata görə, Tramp köməkçilərinə noyabrda keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı bombardmanları bərpa etməyi gözlədiyini bildirib.
Gərginliyin yenidən artması Yaxın Şərqdən xam neft axınının əsasən müharibədən əvvəlki səviyyələrə qayıtdığı bir vaxtda baş verir. Bununla belə, bazarlar münaqişəyə son qoyacaq uzunmüddətli razılaşma əldə edilmədən bu bərpanın davamlı olacağına şübhə ilə yanaşır.
Bu həftə ən azı üç tanker Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. Həmçinin İran və onun müttəfiqi olan husilər regionun müxtəlif yerlərində neft emalı zavodlarını hədəfə alıblar", - məlumatda qeyd edilib.







