BAKI, TurkicWorld, Nailə Babazadə

İstanbul Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsi, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə qanunsuz mərc fəaliyyətlərinə qarşı növbəti uğurlu əməliyyatını keçirib.

TurkicWorld xəbər verir ki, araşdırmalar zamanı MASAK və Mərkəzi Bankın hesabatlarında yer alan şübhəli maliyyə hərəkətləri əsas götürülüb. Məlum olub ki, bir şirkət elektron ödəniş qurumlarından əldə etdiyi POS cihazlarını müxtəlif alt firmalara ötürərək, bu avadanlıqlar vasitəsilə qanunsuz mərc oyunlarından gələn vəsaitlərin dövriyyəsini təmin edib.

Maliyyə hərəkətlərinin dərinləşdirilmiş analizi nəticəsində pulların daha əvvəl analoji cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxs və şirkət hesablarına transfer edildiyi aşkarlanıb. Aparılan sahə çalışmaları və maliyyə təhlili nəticəsində cinayətkar şəbəkəyə məxsus olduğu müəyyən edilən 18 şirkət, 11 avtomobil, 3 torpaq sahəsi və 5 mənzil dövlət tərəfindən müsadirə olunub. Məlumata görə, əl qoyulan daşınar və daşınmaz əmlakın ümumi bazar dəyəri təxminən 671 milyon 255 min türk lirəsi təşkil edir.

Qanunsuz mərc və "POS-tefəçilik" cinayətləri ilə bağlı bu səhər keçirilən əməliyyat çərçivəsində sözügedən şirkətlərin rəhbər və işçi heyətindən olan 10 şübhəli saxlanılıb. Gözaltına alınan şəxslər dindirilmək və lazımi prosessual tədbirlərin görülməsi üçün polis idarəsinə aparılıb. Hazırda istintaq orqanları bu şəbəkənin digər gizli bağlantılarını və qanunsuz yolla əldə edilmiş vəsaitlərin xaricə çıxarılma ehtimallarını araşdırır.