BAKI,TurkicWorld
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda Mərkəzi Asiya dövlətləri və Azərbaycanın xüsusi xidmət orqanları rəhbərlərinin “Müasir təhdidlər şəraitində regional təhlükəsizliyin təmin olunması” mövzusunda görüşündə iştirak edib. DTX-nin məlumatına görə, səfər çərçivəsində müasir təhlükəsizlik çağırışları və xüsusi xidmət orqanları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
TurkicWorld xəbər verir ki, Əli Nağıyev çıxışında Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının Azərbaycanla region ölkələri arasındakı münasibətlərin strateji xarakterini göstərdiyini bildirib. O, Azərbaycanın bu formatın tamhüquqlu iştirakçısına çevrilməsini regional sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından tarixi addım kimi qiymətləndirib.
DTX rəisi Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini qeyd edib.
Əli Nağıyev regional təhlükəsizliyə əsas təhdidlər sırasında beynəlxalq terrorçuluq və dini ekstremizmi, transmilli cinayətkar qruplaşmaların fəaliyyətini, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsini, eləcə də kibercinayətkarlığın müasir formalarını göstərib.
O, kritik infrastruktura qarşı təhdidlərə də xüsusi diqqət çəkib. DTX rəisinin sözlərinə görə, cinayətkar və terrorçu qruplaşmaların nəqliyyat, rabitə və digər həyati əhəmiyyətli obyektlərin fəaliyyətinə təsir göstərmək üçün müasir informasiya texnologiyalarından istifadə imkanları xüsusi narahatlıq doğurur.
General-polkovnik Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qardaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşün yekununda regional təhlükəsizliyin və sabitliyin daha da gücləndirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.







