Son dəqiqə

İran Hakan Fidan Türkiyə XİN Abbas Əraqçi İran Xin

İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

BAKI,TurkicWorld, Fərid Mikayılov

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi regional və ikitərəfli məsələləri müzakirə etmək məqsədilə sabah Türkiyəyə səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçiriləcək görüşdə Türkiyə–İran münasibətlərinin mövcud vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Görüşlər zamanı Türkiyə ilə İran arasında dərin tarixi bağlara əsaslanan əlaqələrin regional təhlükəsizlik, sabitlik və rifah baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanacaq.

Məlumata görə, Hakan Fidan Türkiyənin 2014-cü ildə təsis edilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurası kimi mexanizmlər vasitəsilə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdıracaq. Həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin 30 milyard ABŞ dollarına çatdırılması məqsədi ilə qarşılıqlı səylərin gücləndirilməsinin vacibliyi qeyd olunacaq.

Danışıqlarda sərhəd ticarət mərkəzləri də daxil olmaqla ticarət, enerji, nəqliyyat və bağlantılılıq sahələrində əməkdaşlığın genişləndirilməsinin arzuolunan olduğu bildirilməsi gözlənilir. Türkiyə tərəfinin İranda baş verən son prosesləri yaxından izlədiyi, İranın təhlükəsizliyi, sabitliyi və daxili asayişinin Türkiyə üçün strateji əhəmiyyət daşıdığı vurğulanacaq.

Fidanın görüş zamanı Türkiyənin İrana qarşı hərbi müdaxilələrə qəti şəkildə qarşı olduğunu bir daha bəyan edəcəyi, bu cür addımların regional və qlobal miqyasda ciddi risklər yaradacağına diqqət çəkəcəyi və mövcud gərginliyin dialoq yolu ilə həllinə töhfə verməyə hazır olduqlarını bildirməsi gözlənilir. Eyni zamanda İranın nüvə proqramı ilə bağlı məsələlərin qısa müddətdə dinc yollarla həllini Türkiyənin dəstəklədiyi vurğulanacaq.

Tərəflərin müzakirə edəcəyi mövzular sırasında PKK terror təşkilatının İran qolu olan PKK/PJAK-ın fəaliyyəti də yer alacaq. Bildiriləcək ki, son hadisələr PJAK-ın tam zərərsizləşdirilməsinin İranın daxili təhlükəsizliyi baxımından da vacib olduğunu göstərir.

Görüşlərdə, həmçinin Qəzza üzrə atəşkəs və sülh planının ikinci mərhələsi, humanitar yardımın fasiləsiz şəkildə çatdırılması, Qəzzanın yenidən qurulması, Fələstin əhalisinin öz torpaqlarında təhlükəsizlik və rifah şəraitində yaşamasının təmin edilməsi məsələləri müzakirə olunacaq. İsrailin regionda sabitliyi pozan addımları fonunda region ölkələrinin həmrəylik və əməkdaşlıq çərçivəsində hərəkət etməsinin əhəmiyyəti də xüsusi vurğulanacaq.

Mövzuya görə xəbərlər