BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyənin müdafiə sənayesi lideri ASELSAN NATO ilə daşına bilən hava hücumundan müdafiə sistemlərinə (MANPADS) "Dost-Düşmən Tanıma" (IFF) qabiliyyəti qazandıracaq mühüm müqaviləyə imza atıb.
TurkicWorld xəbər verir ki, NATO-nun Dəstək və Təchizat Agentliyi (NSPA) qlobal miqyasda artan hava təhdidlərinə qarşı müdafiənin effektivliyini artırmaq məqsədilə strateji seçim edib. Bu çərçivədə NATO inventarında olan MANPADS sistemlərinin modernizasiyası üçün ASELSAN-a üstünlük verilib.
ASELSAN və NSPA arasında imzalanan üç illik çərçivə müqaviləsinə əsasən, MANPADS-lər üçün IFF sistemləri tədarük ediləcək. Bu texnologiya hava hücumundan müdafiə əməliyyatları zamanı dost unsurların səhvən hədəf alınmasının qarşısını alaraq əməliyyat təhlükəsizliyini maksimum səviyyəyə çatdıracaq.
Qeyd edək ki, ASELSAN dünyada "Mode-5 IFF" sistemlərini istehsal edə bilən az sayda qurumlardan biridir. Şirkət bu sahədəki dərin təcrübəsi və mühəndislik həlləri ilə beynəlxalq təhlükəsizliyə töhfə verməyə davam edir.







