BAKI, TurkicWorld, Orxan Qədirzadə
Qətər sahillərində hərbi helikopterin qəzaya uğraması nəticəsində aralarında Türkiyə Silahlı Qüvvələrinin zabiti və ASELSAN şirkətinin mütəxəssislərinin də olduğu 6 nəfər şəhid olub.
TurkicWorld xəbər verir ki, hadisə 21 mart axşam saatlarında Qətərin ərazi sularında baş verib. Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) rəsmi bəyanatına görə, Qətər-Türk Birləşmiş Müştərək Qüvvə Komandanlığı çərçivəsində təlim fəaliyyətləri həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb.
Qətər Müdafiə Nazirliyi qəza nəticəsində həyatını itirən şəxslərin kimliyini rəsmən təsdiq edib. Məlumata görə, qəzada Türkiyə-Qətər Müştərək Qüvvələrinin heyətində olan mayor Sinan Taştekin, həmçinin mülki əməkdaşlar — ASELSAN texnikləri Süleyman Cemre Kahraman və İsmail Enes Can şəhid olublar.
Qətər tərəfindən isə kapitan Mubarak Salem Daway Al-Marri, çavuş Fahad Hadi Ghanem Al-khayarin və onbaşı Mohammed Maher Mohammed həlak olublar. Hazırda itkin düşmüş daha bir pilotun — kapitan Saeed Nasser Samekh-in axtarışları davam etdirilir.
Türkiyə Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı dərin hüznlə başsağlığı verib və vurğulayıb ki, iki ölkə arasındakı hərbi əməkdaşlıq fəaliyyətləri mövcud planlar çərçivəsində kəsilmədən davam edir. Qəzanın dəqiq səbəbləri Qətər rəsmiləri tərəfindən aparılan araşdırmalardan sonra tam bəlli olacaq.
ASELSAN şirkəti də öz əməkdaşlarının şəhid olması ilə bağlı bəyanat yayaraq, ailələrinə və türk millətinə səbr diləyib.







