BAKI, TurkicWorld
TİKA Kolumbiyada 4 yaşlı uşaqlar üçün məktəbəqədər təhsilin əsasını qoyub.
TurkicWorld xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Kolumbiyanın Bukaramanqa şəhərində 10 dövlət məktəbində məktəbəqədər təhsil sinifləri yaradıb.
Layihə çərçivəsində ilk dəfə olaraq 4 yaşlı uşaqlar dövlət məktəblərinə daxil edilərək rəsmi təhsilə başlayıb.
TİKA və Bukaramanqa Bələdiyyəsinin birgə reallaşdırdığı layihənin açılış mərasimində Türkiyənin Kolumbiyadakı səfiri Beste Pehlivan Sun, bələdiyyə başçısı Jaime Andres Beltran və TİKA-nın Boqota ofisinin nümayəndələri iştirak edib. Başçı Beltran təşəkkür nitqində bu təşəbbüsün yalnız uşaqlar üçün deyil, ailələr üçün də ümid mənbəyi olduğunu bildirib.
BMqT-nin Kukuta üzrə regional direktoru Alessandro Cacciapuoti isə “Biz birlikdə daha çoxuq!” şüarı ilə bu təşəbbüsün real nəticələr verdiyini vurğulayıb.
Qeyd edək ki, layihə çərçivəsində hər mövsüm 200 uşağa təhsil imkanı yaradılır və beş il ərzində 1000-dən artıq ailə bu proqramdan yararlana biləcək. TİKA-nın dəstəyi ilə reallaşdırılan bu pilot layihə gələcəkdə şəhər üzrə yeni siniflərin açılması üçün zəmin yaradacaq.