BAKI, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanın Suriyaya səfər etmək niyyəti var.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Nazir qeyd edib ki, hazırda uyğun şərtlər, tarix və zəmin üzərində iş aparılır.
Bu açıqlama 155 ölkədən 6000-dən çox qonağın iştirak etdiyi 4-cü Antalya Diplomatiya Forumunun son günündə səsləndirilib. Forumda 21 dövlət və hökumət başçısı, 64 nazir və bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak edib.
Nazir Fidan bildirib ki, Türkiyə bölgədə sabitliyin bərpası və Suriyanın təhlükəsizliyi üçün səylərini davam etdirir. O, İsrailin Suriya daxilində həyata keçirdiyi əməliyyatların bölgədə sabitliyə deyil, qeyri-sabitliyə xidmət etdiyini vurğulayıb.
Qeyd edək ki, Fidan çıxışında həmçinin Ukrayna-Rusiya müharibəsi ilə bağlı sülh təşəbbüslərinə dair Türkiyənin aktiv roluna toxunub. O, hər iki tərəflə münasibətləri qorumağın bu prosesdə mühüm üstünlük yaratdığını bildirib və Türkiyənin vasitəçilik səylərinin davam edəcəyini qeyd edib.