BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün “Maşın və Kimya Sənayesi” səhmdar cəmiyyətinin Ankara və Kırıkkale şəhərlərində yerləşən istehsal müəssisələrini ziyarət edib.
TurkicWorld xəbər verir ki, Görgün Ankara şəhərinin Elmadağ rayonundakı müəssisədə aparılan yoxlamalar zamanı müəssisənin əsas məhsullarından olan 66 mm-lik HAR raketi ilə şəxsən atış həyata keçirərək müəyyən edilmiş hədəfi tam dəqiqliklə vurub.
Məlumata görə, tək atışlıq, çiyindən atılan yüngül tank əleyhinə silah sistemi olan 66 mm-lik HAR raketi yaxın məsafədə yerləşən zirehli hədəflərə və yüngül möhkəmləndirilmiş obyektlərə qarşı piyada bölmələrinə effektiv döyüş imkanları yaradır.
Bildirilir ki, sözügedən sistem funksional baxımdan NATO arsenalında yer alan M72 LAW tipli silah ailəsi ilə eyni kateqoriyada qiymətləndirilir. Son illərdə müxtəlif müttəfiq ölkələrin təhlükəsizlik qüvvələrinə ixrac edilən bu silah sistemi “Maşın və Kimya Sənayesi”nin beynəlxalq bazardakı mövqeyinin möhkəmlənməsinə də töhfə verir.







