Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi Ömer Bolat Türkiyə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (OECD) Qlobal iqtisadi sistem

Qlobal iqtisadi sistem çökmək üzrədir - Bolat

BAKI, TurkicWorld

Qlobal iqtisadi sistem dağılır, ədalətli və çoxtərəfli modelə ehtiyac var

TurkicWorld xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat qlobal iqtisadiyyatın son illərdə böyük sarsıntılar və dəyişikliklərlə üzləşdiyini bildirib.

O, dünya iqtisadiyyatında baş verən disbalansların və qeyri-bərabər böyümənin yeni, ədalətli və çoxtərəfli iqtisadi sistemə keçidi zəruri etdiyini deyib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf etməkdə olan Bazarlar Forumunun açılışında çıxış edən Bolat qeyd edib ki, qloballaşma yoxsulluğun azalmasına töhfə versə də, iqtisadi rifah bərabər bölüşdürülməyib. O vurğulayıb ki, son illərdəki transformasiyalar, ticarət gərginlikləri, təchizat zəncirindəki problemlər və geosiyasi maneələr dünya iqtisadiyyatını daha da çətin vəziyyətə salıb.

Nazir əlavə edib ki, iqlim dəyişikliyi və rəqəmsallaşma da qlobal iqtisadi struktura dərin təsir göstərməkdədir. O, xüsusilə inkişaf etməkdə olan ölkələrin ekstremal hava şəraitindən, ərzaq təhlükəsizliyi və inflyasiyadan ciddi təsirləndiyini qeyd edib.

Bolat həmçinin rəqəmsallaşmanın sənayeləşmədə geri qalmış ölkələr üçün imkanlar yaratdığını, lakin maliyyəyə çıxışın və texnologiya fərqinin bu sahədə ciddi maneə olduğunu söyləyib. O, ədalətli transformasiya üçün çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulayıb.

Nazir Bolat çıxışında dörd əsas əməkdaşlıq sahəsinə diqqət çəkərək, açıq və rəqabətli bazarların, yaşıl və rəqəmsal transformasiyanın, kənd təsərrüfatında dayanıqlı inkişafın və qlobal təchizat zəncirlərinin gücləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu istiqamətlərdə regional və beynəlxalq təşəbbüslər və investisiyalar artırılmalı, həmçinin texnologiya və nou-hau transferi dəstəklənməlidir.

"Qloballaşmanın nailiyyətlərini qorumaq və ədalətli iqtisadi modelə keçid üçün inkişaf etməkdə olan ölkələr arasında daha sıx əməkdaşlıq və dialoq zəruridir"- deyə, Bolat çıxışını bu fikirlə yekunlaşdırıb.

Mövzuya görə xəbərlər