BAKI,TurkicWorld
Türkiyənin ilk yerli mini qanadlı raketi Kemankeş-1 maksimum uçuş və dalış testindən uğurla keçib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Baykar tərəfindən hazırlanmış və süni intellektlə dəstəklənən Kemankeş-1, Ədirnənin Keşan rayonundakı Baykar Uçuş Tədris və Sınaq Mərkəzində keçirilən testlər çərçivəsində Bayraktar TB2 SİHA-dan ayrılaraq müəyyən edilmiş nöqtəyə doğru hərəkət edib.
Sınaq zamanı raket havada 100 kilometrdən çox məsafə qət edərək müəyyən olunan hədəfə doğru uçub və paraşüt vasitəsilə yerə enib.
Milli və orijinal dizayna sahib olan Kemankeş-1, Bayraktar Akıncı TİHA, Bayraktar TB2 SİHA və Bayraktar TB3 SİHA ilə inteqrasiya olunaraq müxtəlif hərbi vəzifələri icra edə biləcək. Təxminən bir saat havada qala bilən bu mini qanadlı raket, reaktiv mühərriki sayəsində düşmən xəttinin arxasındakı riskli hədəflərə qarşı yüksək dəqiqliklə hərəkət edəcək.
Qeyd edək ki, 200 kilometrdən çox uçuş məsafəsinə malik olan Kemankeş-1 süni intellektlə dəstəklənən optik idarəetmə sistemi sayəsində çətin hava şəraitində belə hədəfləri dəqiqliklə məhv edə biləcək. Bundan əlavə, elektron müdaxilələrə qarşı dayanıqlı texnologiyaya sahib olması, onun döyüş meydanında effektivliyini artırır.