Bakı,TurkicWorld
Türkiyənin Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır, Ankara Kosmos və Aviasiya İxtisaslaşdırılmış Sənaye Zonasında ölkənin ən keyfiyyətli aviasiya liseyinin yaradılacağını bildirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, nazir Kacır çıxışında, Türkiyənin artıq aviasiya sahəsində qlobal səviyyədə söz sahibi olduğunu qeyd edərək Bayraktar, AKINCI, KIZILELMA, ANKA və AKSUNGUR kimi silahlı pilotsuz uçuş aparatları ilə dünya liderlərindən birinə çevrildiyini bildirib. Eyni zamanda, ölkənin beşinci nəsil döyüş təyyarəsi KAAN, öz təlim təyyarələri və helikopterlərini istehsal etmə gücünə malik olduğunu əlavə edib.
“Qlobal aviasiya nəhənglərinin istehsal və təchizat zəncirində rolumuz getdikcə güclənir. Ötən il aviasiya sahəsində 1 milyard dollar ixrac həcminə və 10 milyard dollar müqavilə dəyərinə çatdıq. 7 milyard dollardan çox olan müdafiə və aviasiya ixracımıza töhfə verdik. Sərnişin təyyarələrində türk mühəndis və texniklərinin izini görmək qürurvericidir,” – deyə Kacır bildirib.
Kacır həmçinin təyyarə mühərriklərinin istehsalında Türkiyənin son illərdə böyük irəliləyiş əldə etdiyini qeyd edib.
O, bu nailiyyətlərin kollektiv komanda işi sayəsində əldə edildiyini vurğulayıb və Türkiyənin Avropanın müdafiə və aviasiya sahəsində yüksələn ulduzu olduğunu bildirib.
Nazir, ölkənin müstəqilliyini təmin edəcək kosmos limanı layihəsinin həyata keçiriləcəyini və 2035-ci ilə qədər 1,8 trilyon dollara çatacağı proqnozlaşdırılan qlobal kosmos iqtisadiyyatında Türkiyənin payını artırmağı planlaşdırdıqlarını bildirib.







