Bakı, TurkicWorld
Türkiyənin Afrika qitəsində sülhə və sabitliyə töhfə verən tarixi təşəbbüsü, Somali və Efiopiya arasında uzun müddətdir davam edən münaqişələrin həlli üçün atılan mühüm diplomatik addımla nəticələnib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan açıqlama verib.
Açıqlamaya əsasən, prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi liderliyi və səyləri ilə imzalanan Ankara Bəyannaməsi həm Türkiyənin, həm də tərəflərin konstruktiv diplomatiya anlayışını ortaya qoyur.
Fidan bu prosesi "ədalətli və davamlı həllər gətirən diplomatiya anlayışımızın güclü təzahürü" kimi qiymətləndirib. O, Türkiyənin, Afrika qitəsində sülh və rifaha töhfə verəcək bu tarixi addımı 8 aylıq intensiv diplomatik səylərin nəticəsi kimi irəli sürdüyünü bildirib. Proses ərzində tərəflərin həssaslıqları və prioritetləri nəzərə alınaraq, hər iki ölkənin razılığı ilə Ankara Bəyannaməsi mətni hazırlanıb.a
Anlaşmanın, iki ölkə arasındakı əməkdaşlığı gələcəyə fokuslanmış prinsiplər üzərində quracağını vurğulayan Fidan, Türkiyənin bu prosesdəki etibarını və konstruktiv rolunu xüsusi olaraq qeyd edib. O, Somali və Efiopiyaya göstərdikləri etimad və konstruktiv yanaşmaya görə təşəkkür edib və Türkiyənin bu prosesdə dəstəyini davam etdirəcəyini bəyan edib.
Qeyd edək ki, dünən Prezident Ərdoğanın dəvəti ilə Somali Prezidenti Həsən Şeyx Mahmud, Efiopiyanın Baş Naziri Abiy Əhməd və xarici işlər nazirlərinin də daxil olduğu nümayəndə heyətləri Ankarada bir araya gəlib. Görüşlər ikitərəfli və üçtərəfli formatlarda keçirilib və müzakirələr 7 saat davam edib. Nəticədə, Ərdoğan və digər liderlər birgə mətbuat konfransı ilə Ankara Bəyannaməsini dünyaya elan ediblər