Bakı, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi dövlət rəsmiləri 29 Oktyabr Respublika Günü münasibətilə Anıtkabiri ziyarət edib.
TurkicWorld xəbər verir ki, Ərdoğan mərasimdə, Türkiyənin suverenliyi və təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin görüldüyünü vurğulayaraq, "Bir əsr əvvəl olduğu kimi bölgəmizdə sərhədlər qan və gözyaşı ilə çəkilir. Bu çətinliklər qarşısında, vətənimizin sağ qalması və millətimizin təhlükəsizliyi üçün hər cür tədbiri görürük," deyib.
Türkiyə Cümhuriyyətinin 101-ci ildönümünə həsr olunan tədbir, rəsmi heyətin Aslanlı Yoldan keçməsi ilə başlayıb. Mərasim zamanı Atatürkün məqbərəsinə aypara və ulduzla bəzədilmiş əklil qoyulub, sonra isə sükutla anım və Dövlət Himni ilə mərasim davam edib.
Prezident Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri Anıtkabirdəki mərasimin ardından Milli Pakt Qülləsinə keçərək burada Anıtkabir Xüsusi Kitabını imzalayıblar.
Ərdoğan, Anıtkabir Xüsusi Kitabında aşağıdakıları qeyd edib:
"Hörmətli Atatürk, bu gün bizə əmanət etdiyiniz və millətimizin qürur mənbəyi olan Cümhuriyyətimizin 101-ci ildönümünə çatmanın haqlı sevincini yaşayırıq. Bu qürur günündə ölkəmizdə və dünyada yaşayan bütün vətəndaşlarımızı, 29 Oktyabr Respublika Günü münasibətilə ürəkləri bizimlə döyünən bütün həmvətənlərimizi təbrik edirəm. Bu münasibətlə şəxsən sizi, döyüş yoldaşlarınızı və əziz şəhidlərimizi bir daha dərin minnətdarlıqla yad edirəm.
Bölgəmizdə sərhədlərin bir əsr əvvəl olduğu kimi qan və göz yaşı ilə çəkildiyi bir vaxtda vətənimizin yaşaması, millətimizin təhlükəsizliyini təmin etmək üçün hər cür tədbir görürük. Cümhuriyyətin elan edilməsi ilə milli mübarizəyə tac qoyan birlik, həmrəylik və qardaşlıq ruhu bu prosesdə bizə bələdçilik edir, yolumuzu mayak kimi işıqlandırır. Türkiyə Cümhuriyyəti, etibarlı və bacarıqlı kadrların rəhbərliyi altında keçmişdən bu günə qədər möhtəşəm səyahətinə hər zamankindən daha qətiyyətlə davam edir. Ruhunuz şad olsun."
Dövlət mərasimindən sonra Anıtkabir ictimaiyyətə açılaraq, xalqın ziyarətinə icazə verilib.