Bakı,TurkicWorld
Türkiyənin Antalya şəhərində keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalı (TEKNOFEST) çərçivəsində Aralıq dənizi Texnologiyaları Yarışmalarının final mərhələsi başlayıb.
TurkicWorld xəbər verir ki, bu texnologiya festivalına göstərilən böyük maraq nəticəsində bir milyon 650 min müraciət qeydə alınıb.
Yarışlar 49 əsas kateqoriya və 127 alt kateqoriya üzrə təşkil olunub. Finala çıxmaq üçün 1270 komanda və 6514 finalçı müxtəlif sahələrdə, o cümlədən süni intellekt, biotexnologiya və kənd təsərrüfatı texnologiyaları üzrə mübarizə aparır.
Tədbir zamanı gənclər həm də Türkiyənin aparıcı texnologiya şirkətlərinin təşkil etdiyi təlimlərdə və panellərdə də iştirak edəcəklər.
Festivalda Türkiyənin dil modeli "T3 AI"nin təqdimatı ilə yanaşı, süni intellekt mövzulu müxtəlif tədbirlər, o cümlədən T3 AI Hackathon Yarışmasının yekun təqdimatları, süni intellektlə bağlı təlimlər və iqlim dəyişikliyi ilə bağlı innovativ həllərin inkişafına yönəlmiş marafonlar keçiriləcək.
Sentyabrın 8-də başa çatacaq yarışmalar zamanı həmçinin Türkiyənin ilk astronavtı Alper Gezeravcı də öz təcrübələrini gənclərlə paylaşacaq.