Bakı,TurkicWorld
Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) ölkədə təhsil verən Şarl de Qoll və Pierre Loti Fransız məktəblərinin hüquqi statusu ilə bağlı yeni açıqlama verilib.
TurkicWorld xəbər verir ki, şənbə günü Təhsil Nazirliyinin rəsmi saytında dərc olunan press-relizdə, “2024-cü il Yanvarın 1-dən etibarən 2024-2025-ci tədris ili və sonrasını əhatə edəcək şəkildə Şarl De Qoll və Pier Loti məktəblərinin bağça siniflərinə və birinci siniflərinə yeni türkiyəli şagird qəbul edilməyəcək və eyni zamanda ara siniflərə də yeni şagird alınmayacağı”,- deyilir.
Açıqlamada bildirilib ki, məktəb daxilində nazirlik tərəfindən təyin edilmiş məsul şəxslərin yerləşəcəyi ofis açılacaq və bu məktəblərin tədris prosesinə “dövlətimizin digər aidiyyəti qurumları” tərəfindən nəzarət və təftiş aparılacaq.
Eyni zamanda, 2024-cü ilin yanvar ayından etibarən iki məktəbdə qeydiyyatı olan hazırkı türkiyəli tələbələrin siyahısının Təhsil Nazirliyi ilə paylaşılacağı və “Türk dili, türk mədəniyyəti, türk ədəbiyyatı, türk tarixi və coğrafiyası” dərslərinin Nazirlik tərəfindən təyin olunan türk müəllimlər tərəfindən veriləcəyi qeyd edilir.
Bundan əlavə, “Fransada yaşayan türk tələbələr üçün “türkcə” təhsilinin də yer aldığı hərtərəfli əməkdaşlıq müqaviləsi üzərində işləməyə başlanması” ilə bağlı danışıqların davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, Türkiyədə təhsil verən iki məktəbin hüquqi statusu ilə bağlı Milli Təhsil Nazirliyi ilə Fransa səfirliyi arasında yaranan fikir ayrılığı böhrana çevrilib. Belə ki, MEB Türkiyədə təhsil verən Fransa səfirliyinə bağlı Şarl de Qoll və Pierre Loti məktəblərində yeni türk tələbələrin qeydiyyatının aparılmayacağını bildirmişdi.
Ankaradakı Şarl de Qoll liseyi və İstanbuldakı Pyer Loti liseyi Fransanın Türkiyədəki səfirliyinə bağlı iki məktəbdir.
Hər iki məktəb birbaşa Fransa Milli Təhsil Nazirliyi və Xaricdə Fransız Təhsili Agentliyi (AEFE) tərəfindən idarə olunur. Məktəbin təhsil qərarları birbaşa AEFE tərəfindən qəbul edilir və onlara nəzarət edilir.
İki fransız məktəbinin Türkiyədən rəsmi icazəsi yoxdur. Belə olan halda heç bir məktəb Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq tanınmır. Tərəflər arasında mübahisə də bu məqamda başlayır.
Dekabr ayında Təhsil Nazirliyi ilə Fransa səfirliyi arasında keçirilən görüşlərdən sonra mətbuatda Türkiyə vətəndaşı tələbələrin 2024-cü ilin əvvəlindən iki Fransız məktəbinə artıq qəbul olunmayacağına dair xəbərlər yer alıb.