Bakı, TurkicWorld
Çukurova Beynəlxalq Hava Limanı regional inkişafın lokomotivi olacaq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrasturuktur naziri Abdulkadir Uraloğlu Çukurova Beynəlxalq Hava Limanının açılış mərasimində deyib.
Nəqliyyat sahəsində bu il tamamlanan layihələri sadalayan Uraloğlu bildirib ki, Türkiyə hazırda aviasiya sahəsində dünyanın aparıcı ölkələri sırasındadır.
Uraloğlu, hava yolu ilə səyahət edən sərnişinlərin sayının iyul ayının sonu etibarilə 129 milyon 738 min 772 nəfərə çatdığını qeyd edib.
"İlin sonuna kimi 230 milyondan çox sərnişin daşıyacağıq. Bundan əlavə, dünyada çatmadığımız nöqtə qalmayacaq məqsədimizlə hərəkət edərək Türkiyəni dünyada ən böyük uçuş şəbəkəsinə malik olan ölkələrdən birinə çevirdik.” – deyə o bildirib.
Uraloğlu qeyd edib ki, 2002-ci ildən etibarən Çukurova Beynəlxalq Hava Limanının açılışı ilə aktiv hava limanlarının sayı 26-dan 58-ə çatıb.
“Beynəlxalq marşrutlar üzrə 50 ölkədə 60 istiqamətə uça bildiyimiz halda, uçuş şəbəkəmizə 286 yeni istiqamət əlavə edərək, onu 131 ölkədə 346 istiqamətə çatdırdıq. 2053-cü il hədəflərimiz çərçivəsində aktiv hava limanlarının sayını 61-ə çatdıracağıq" – deyə o bildirib.
Hafiz Rufizoğlu