Bakı. TurkicWorld:
Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbərliyi ilə həyata keçirilən AKINCI Layihəsi çərçivəsində Baykar şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI PUA ASELFLİR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəf Sistemi ilə ilk atış sınağında dənizdə hərəkət edən hədəfi müvəffəqiyyətlə məhv edib.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.
"Bayraktar AKINCI, Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirilən sınaqda ilk dəfə Aselsan tərəfindən hazırlanmış ASELFLİR-500 ilə uçuş həyata keçirib. Sınaq çərçivəsində ASELFLIR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəf Sisteminin İnteqrasiyası uğurla tamamlanıb. AKINCI PUA ASELFLIR-500 sistemi ilə dənizdə üzən Albatros İDA-nı müvəffəqiyyətlə məhv etdi. Beləliklə, Bayraktar AKINCI ASELFLİR-500 ilə ilk uçuş və atış sınağında döyüş meydanındakı təsirini nümayiş etdirdi", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, ilk mühərrik inteqrasiya testini 1 sentyabr 2019-cu ildə tamamlayan "Akıncı" PUA-ları ilk uçuşunu 6 dekabr 2019-cu ildə uğurla həyata keçirib. "Akıncı" ilk uçuşundan təxminən 1,5 il sonra, 29 avqust 2021-ci ildə Türkiyə Hərbi Qüvvələrinin inventarına daxil olub.