TUSAŞ Kahramanmaraş İstehsalat Müəssisəsi bu gün fəaliyyətə başlayacaq

TUSAŞ Kahramanmaraş İstehsalat Müəssisəsi bu gün fəaliyyətə başlayacaq

Bakı. TurkicWorld:

Türkoğlu Mütəşəkkil Sənaye Bölgəsində helikopter və təyyarə hissələri istehsalı üçün qurulan TUSAŞ Kahramanmaraş İstehsalat Müəssisəsi bu gün fəaliyyətə başlayacaq.

TurkicWorld-un məlumatına görə, tekstil və metal mətbəx əşyaları sənayesi ilə seçilən Kahramanmaraş bundan sonra müdafiə və aviasiya sənayesinə də töhfə verəcək.

Müdafiə Sənayesi Başçılığının koordinasiyası ilə Türkiyənin müdafiə sənayesinin aparıcı təşkilatları zəlzələ bölgəsində çoxlu investisiyalar həyata keçirir.

Bu çərçivədə Türk Aerokosmik Sənayesi (TUSAŞ) Kahramanmaraş sənayesi və yerli hökumətlərlə əməkdaşlıq edərək müdafiə və aerokosmik sənayenin qapılarını şəhərə açır. Beləliklə, Kahramanmaraş sənayesi toxuculuq və metal mətbəx əşyaları sənayesi ilə yanaşı yüksək əlavə dəyərə malik bir sahədə rol alacaq.

Şirkət, Kahramanmaraşdakı sərmayələri üçün ilk olaraq Türkoğlu Mütəşəkkil Sənaye Bölgəsini seçib. Burada üç il müddətinə obyekt icarəyə götürən şirkət infrastrukturu, maşın və avadanlıqların quraşdırılmasını qısa müddətdə həyata keçirib.

Təyyarə və helikopter hissələrinin istehsal olunacağı müəssisədə 100-ə yaxın adam işlə təmin olunacaq. Obyektdə çalışacaq işçilər TUSAŞ-da təlim keçiblər.

Sınaq istehsalına başlayan obyekt bu gün fəaliyyətə başlayacaq.

TUSAŞ, həmçinin Kahramanmaraş sənayeçiləri ilə ortaq şəkildə müdafiə və aerokosmik şirkət qurub. Sözügedən şirkətin Kahramanmaraş Hava Limanına gedən yolda inşa ediləcək daha böyük bir obyektdə iş görməsi planlaşdırılır. Obyektin qurulacağı torpaq sahəsi üçün abadlıq işləri aparılır. Bu işlərdən sonra yaradılacaq “xüsusi sənaye zonası” obyektə ev sahibliyi edəcək.

Bu müəssisələrin insan resursları ehtiyaclarını qarşılamaq üçün Ali Təhsil Şurasının (YÖK) koordinasiyası ilə Kahramanmaraş İstiklal Universitetinin tərkibində "Airbus-TUSAŞ Aviasiya Peşə Məktəbi" açılacaq.

Məktəbdə maşınqayırma, metallurgiya və təyyarə texnologiyası kafedraları yaradılacaq. Tamamlandıqdan sonra peşə məktəbi 7 min 260 kvadratmetr qapalı sahəyə sahib olacaq və keyfiyyətli təhsil üçün bütün lazımi infrastruktur, eyni zamanda texniki imkanlarla təchiz olunacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_