Son dəqiqə

Türkiyə Mehmet Özhaseki

Gələn ayın sonuna qədər 75 min evi təhvil verəcəyik - Mehmet Özhaseki

Bakı. TurkicWorld:

Gələn ayın sonuna qədər 75 min evi zəlzələdən zərər çəkənlərə təhvil verəcəyik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Mehmet Özhaseki deyib.

“Bizim kimi qədim şəhərləri olan ölkələrdə zəlzələyə hazırlaşmağın yalnız bir yolu var, o da şəhər transformasiyasıdır.” - deyə nazir bildirib.

Özhaseki 6 fevral zəlzələsindən 14 milyon insanın zərər gördüyünü bildirib.

“İndiyədək ya tender prosesində olan, ya da tikintisinə başlanmış, bünövrəsi qoyulmuş, tikintisi başa çatdırılmış və ya yekunlaşmaq üzrə olan 307 min ev var. Biz 30 minə yaxın evi sahiblərinə təslim etdik. Gələn ayın sonuna qədər 75 min evi təhvil vermiş olacağıq.” - deyə Mehmet Özhaseki qeyd edib.

O bildirib ki, mümkün olduğu təqdirdə hər ay 15-20 min ev təhvil veriləcək və il sonuna qədər verilən evlərin sayı 200 minə çatdırılacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər