Türkiyədə elektron seçki sisteminə keçid üçün texniki araşdırmalara başlanılıb

Türkiyədə elektron seçki sisteminə keçid üçün texniki araşdırmalara başlanılıb

Bakı. TurkicWorld:

Türkiyədə elektron seçki sisteminə keçid üçün Ankara Universiteti Siyasi Elmlər Fakültəsinin, tərkibində Ali Seçki Şurasının (YSK) ekspertlərinin də daxil olduğu işçi qrupu texniki araşdırmalara başlayıb.

TurkicWorld-un məlumatına görə, Türkiyədə 298 saylı Seçkilərin Əsas Müddəaları və Seçici Reyestrləri haqqında Qanuna uyğun olaraq elektron səsvermə yalnız xaricdəki seçicilər üçün istifadə edilə bilər. Qanunda bununla bağlı tənzimləmə var, lakin bu günə kimi xaricdəki seçici reyestrində qeydiyyatdan keçmiş seçicilər üçün elektron səsvermə həyata keçirilməyib.

Bundan başqa ölkədə parlament, prezident və yerli özünüidarəetmə orqanlarına seçkilər üçün elektron səsvermə yolu ilə səsverməyə imkan verən hüquqi tənzimləmə yoxdur.

Ali Seçki Şurasının sədri Ahmet Yenerin Türkiyədə elektron səsvermə ilə bağlı araşdırmaların aparıla biləcəyi ilə bağlı açıqlamalarından sonra Ankara Universitetinin Siyasi Elmlər, Hüquq və Mühəndislik fakültələrinin və YSK-nın ekspertlərindən ibarət işçi qrupu yaradılıb.

Qrup hazırda xaricdə elektron səsvermə nümunələrini araşdıraraq kompüter və proqram təminatı infrastrukturu üçün hazırlıq işləri görür.

31 Mart Bələdiyyə seçkilərindən sonra diqqət mərkəzində olacaq iş nəticəsində yaradılacaq sistemin ilk olaraq peşə təşkilatları, kooperativlər və universitetlərdə tələbə təmsilçiliyi seçkilərində istifadə edilməsi planlaşdırılır.

Layihə tamamlandıqdan və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sistemin parlament, prezident və yerli idarəetmə seçkilərinə inteqrasiyası hədəflənir.

Aytac Süleymanova

Twitter: a_alieva_