Qəzzada səhra xəstəxanaları quraşdıracağıq - Koca

Qəzzada səhra xəstəxanaları quraşdıracağıq -  Koca

Bakı. TurkicWorld:

Qəzzada səhra xəstəxanaları quraşdıracağıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fahrettin Koca deyib.

"Dünən Misirdə olan həkim qrupumuz Qəzzada səhra xəstəxanalarının qurulması üçün yoxlama aparıb. Üç bölgə müəyyən edilib. Onların harada qurulması ilə bağlı qərarı yaxın bir neçə gün ərzində dəqiqləşdirəcəyik. Biz xəstəxanaları təhlükəsiz hesab etdiyimiz bir ərazidə, Rəfah Sərhəd Qapısına yaxın bir yerdə planlaşdırırıq. Misir, İsrail və Türkiyədən ibarət koordinasiya qrupu bu məsələ ilə bağlı sıx əlaqədədir.” – deyə nazir bildirib.

Fahrettin Koca Misirin El Ariş Hava Limanından Milli Müdafiə Nazirliyinə məxsus təyyarə ilə müalicə olunmaq üçün Türkiyəyə gətirilən Qəzzadan olan 23 xəstəni Etimesgut hava limanında qarşılayıb.

“Bu günə qədər Qəzzadan 114 xəstə və 86 xəstə yaxını olmaqla cəmi 200 nəfəri gətirmişik. Əsasən uşaq və gənclərdən ibarət xəstə qrupumuz var ki, onlardan ən kiçiyi yeddi aylıq körpədir.” - deyə Koca bildirib.

Hafiz Rufizoğlu