Bakı. TurkicWorld:
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sentyabrın 25-də Naxçıvanda imzalanmış, Kahramanmaraşda yaşayış binası, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət evinin tikintisi ilə bağlı əməkdaşlıq sazişi “Resmi Gazete”də dərc olunub.
TurkicWorld xəbər verir ki, saziş 10 il müddətində qüvvədə qalacaq və bu müddətin bitməsinə altı ay qalmış tərəflər ləğv etmədiyi təqdirdə eyni şərtlərlə daha beş il müddətinə uzadılacaq.
Məlumata əsasən, razılaşma zəlzələdən zərər çəkən Kahramanmaraşın mənzil ehtiyacını qarşılamaq, bölgənin sosial və mədəni inkişafına töhfə vermək məqsədi daşıyır.
Qeyd edək ki, sazişi Türkiyə Respublikası tərəfindən ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, Azərbaycan Respublikası tərəfindən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev imzalayıb.