Bu gün İsrailin işğal sənayesi dünya sülhü üçün də təhlükəyə çevrilib - Fəxrəddin Altun

Bu gün İsrailin işğal sənayesi dünya sülhü üçün də təhlükəyə çevrilib - Fəxrəddin Altun

Bakı. TurkicWorld:

Bu gün İsrailin işğal sənayesi regional sülh bir yana qalsın, dünya sülhü üçün də təhlükəyə çevrilib.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"İsrailin bu gün Qəzzada törətdiyi qəddarlıq, qırğınlar və soyqırım cəhdi tarixi hadisənin bir parçasıdır. Bütün iyirminci əsr boyunca Qərb müstəmləkə nizamı tərəfindən həvəsləndirilən və dəstəklənən İsrailin işğal sənayesi bölgə sülhü bir yana qalsın, dünya sülhü üçün də təhlükəyə çevrilib. İsrail, körpələri, uşaqları, qadınları, qocaları, tibb işçilərini, jurnalistləri və qeyri-hökumət könüllülərini, Birləşmiş Millətlər Təşkilatının üzvlərini atəşə tutur, onların üzərinə bomba yağdırır. Xəstəxanaları, məktəbləri və evləri bombalamaq, jurnalistləri, həkimləri və səhiyyə işçilərini qəsdən hədəfə almaq açıq-aşkar müharibə cinayəti, qəddarlıq və alçaqlıqdır", - deyə Altun bildirib.

Fəxrəddin Altun qqeyd edib ki, yalana və onların arxasındakı pisliyə təslim olmayacağıq. Fələstin üçün müqavimət göstərdiyimiz kimi, haqq uğrunda da müqavimət göstərəcəyik, vuruşacağıq və qalib gələcəyik.

"Türkiyə Cümhuriyyəti olaraq, bir daha bütün dünya ictimai rəyini, beynəlxalq təşkilatları və dövlətləri Qəzzada insanlıq qırğınının əleyhinə çıxmağa və məsuliyyəti öz üzərinə götürməyə dəvət edirik və xalq yönümlü, sülh və təhlükəsizliyə əsaslanan sabitləşdirici xarici siyasətin davam edəcəyinə ümid edirik",- deyə Altun əlavə edib.

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 328 nəfərə çatıb.

Ölənlərin 4 min 237-si uşaq, 2 min 719-u qadındır.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova