Bakı. TurkicWorld:
Avropa İttifaqı Qəzzada ədalətli yanaşma nümayiş etdirmədi.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablayarkən bildirib.
"Təəssüf ki, bu müddət ərzində nə İngiltərə, nə Almaniya, nə İtaliya, nə də Fransa ədalətli yanaşma ortaya qoymadı. Yəni Avropa İttifaqından belə bir şey gözləmək mümkün deyil. Çünki diqqət yetirin, hazırda kimlər İsrailin tərəfindədir, kimlər də Rusiya-Ukrayna münaqişəsində diplomatik proseslərdən kənarda qalıb? Avropa Birliyi. Xəstəxanaların bombalandığı, qaçqın düşərgələrində dinc sakinlərin öldürüldüyü, ibadət yerlərinə, məktəblərə hücum edildiyi bir vaxtda Aİ harada olduğunu izah etməlidir. İsrailə səfərləri zamanı İsrail hökumətini beynəlxalq hüquqa və insan haqlarına riayət etməyə niyə çağıra bilmədiklərinə görə təmsil etdikləri xalqa cavab verməlidirlər. İndi boş səs-küy vaxtı deyil, insanların yaşamaq hüququnu müdafiə etmək vaxtıdır", - deyə o vurğulayıb.
Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.
Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 61-ə çatıb, 32 min nəfər yaralanıb.
Ləman Əsədli







