TAYFUN və SİPER Türkiyə Silahlı Qüvvələrinin gücünü artıracaq

TAYFUN və SİPER Türkiyə Silahlı Qüvvələrinin gücünü artıracaq

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesinin əhəmiyyətli şirkətlərindən olan Roketsan, Türkiyə silahlı qüvvələrin gücünü ən yüksək səviyyəyə qaldıracaq TAYFUN və SİPER raketlərini inkişaf etdirir.

TurkicWorld-un məlumatına görə, bu barədə Roketsan şirkətinin baş direktoru Murat İkinci danışıb.

"Türkiyənin indiyə qədərki ən uzunmənzilli raketi olan TAYFUN "qısa mənzilli ballistik raket" olaraq Türkiyənin təhlükəsizliyinə töhfə verəcək. Uzunmənzilli hava hücumundan müdafiə və raket sistemi SİPER yüksək hündürlükdə, 100 kilometrdən çox mənzillə uzunmənzilli hava hücumundan müdafiənin əsasını təşkil edəcək. Türkiyə öz müdafiə ehtiyaclarını ödəyən, bu texnologiyanı yaxşı bilən, dost və qardaş ölkələrin ehtiyaclarını da ödəyə bilən bir sənayeyə çevrilib. Ölkəmizin 100-cü ilində belə texnologiyaya və güclü sənayeyə sahib olması, Türkiyənin qarşıdakı illərdə hədəflərinə doğru möhkəm addımlarla irəliləyəcəyinin ən böyük göstəricisidir",- deyə baş direktor bildirib.

Murat İkinci qeyd edib ki, Roketsan bu il 35 illik yubileyini qeyd edir. Şirkət bu müddət ərzində Türkiyənin ehtiyac duyduğu idarə olunan raketlər, idarə olunan hərbi sursatlar, ağıllı hərbi sursatlar və kosmik texnologiyalarla bağlı üzərinə düşən vəzifələri uğurla yerinə yetirib.

"Bizim ATMACA raketimiz, AKYA torpedomuz və bir çox başqa sistemlər Hərbi Dəniz Qüvvələrimizə uğurla xidmət edir. Biz artıq çoxdandır ki, Quru Qoşunlarımızın ballistik raketlərə və idarə olunan güllələrə olan ehtiyacını ödəmişik. Bu məhsulların hamısı müdafiə sahəsində özünü sübut edib. Bundan əlavə, Roketsan, tank əleyhinə silahlardan hava hücumundan müdafiə sistemlərinə, təyyarələrimizdən atdığımız ağıllı bombalara qədər ölkəmizin ehtiyaclarını qarşılayacaq səviyyədədir”,- deyə o əlavə edib.

Baş direktor vurğulayıb ki, Roketsan-ın hədəfləri böyükdür, müdafiə sənayemizin də hədəfləri böyükdür. Qarşıdakı 10 ildə Türkiyənin müdafiə sənayesi ixracatının hədsiz dərəcədə artacağını və 20-25 milyard dollar səviyyəsinə çatacağını söyləsək heç də yanılmarıq, çünki hazırda bunun üçün potensialımız var.

"TAYFUN, ölkəmizin raket texnologiyasında çatdığı nöqtəni ən yüksək səviyyədə təmsil edən bir layihədir. TAYFUN raketi tək bir məhsuldan ibarət olmayacaq, variantları olacaq. Çoxlu döyüş başlıqları, döyüş başlıqlarında müxtəlif qabiliyyətlərə malik bir məhsul ailəsi olaraq silahlı qüvvələrimizə xidmət edəcək strateji silah sistemi olaraq yoluna davam edəcək. SİPER strateji səviyyədəki hava hücumundan müdafiə sistemimizdir. SUNGUR, HİSAR-A və HİSAR-O ilə davam edən laylı hava hücumundan müdafiə sistemimizin üst qatını təşkil edən SİPER Hava Hücumundan Müdafiə Sistemi TÜBİTAK SAGE ilə ortaq şəkildə həyata keçirilir. Bu il SİPER, TSK inventarına daxil ediləcək. SİPER-in 100-cü ildə silahlı qüvvələrin istifadəsi inventarına daxil olmuş bir sistem olaraq varlığını davam etdirməsi bizim üçün çox dəyərlidir"- deyə Murat İkinci bildirib.

Aytac Süleymanova