Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı 1,6 milyonu ötüb

Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı 1,6 milyonu ötüb

Bakı. TurkicWorld:

Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi davam edir.

TurkicWorld-un məlumatına görə, Türkiyə Ali Seçki Şurasında bildirilib ki, xarici nümayəndəlik və sərhəd məntəqələrində başlayan səsvermə prosesində iştirak edən Türkiyə vətəndaşlarının sayı 1 685 421 nəfər olub. Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatacaq.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.