Bakı. TurkicWorld:
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) həyata keçirdiyi “Pile-Yiğitler Yolu Layihəsi” ilə bağlı tərəflər razılığa gəlib.
TurkicWorld-un məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Kiprdəki xüsusi nümayəndəsi və Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin (UNFICYP) Kiprdəki missiyasının rəhbəri Kolin Stüart bununla bağlı yazılı açıqlama verib.
"Bu, çox yaxşı nəticədir. Bu razılaşmalar, Pile-Yiğitler yolunda son böhrana qarşılıqlı məqbul nəticə gətirmək əzmində olan bütün maraqlı tərəflərlə konstruktiv müzakirələr nəticəsində əldə edilib. Kipr yunanlarının və türk kiprlilərinin narahatlıqları diqqətlə nəzərdən keçirilib və bütün tərəflər xoş niyyət nümayiş etdirib. Bu danışıqlar tərəflərin belə bir anlaşmaya nail olmaq əzmi olduqda mübahisələrinə qarşılıqlı məqbul həll yollarını necə tapa biləcəyinə bir nümunə oldu və bizə xatırlatdı ki, Kipr problemi həll edilə bilər”,- deyə açıqlamada bildirilib.
Bəyanatda razılaşmanın təfərrüatları ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Pile-Yiğitler Yolu Layihəsi, KKTC-dən BMT-nin (BMT) nəzarətində olan Yaşıl Xətt üzərindən Kipr Türklərinin yaşadığı Pile kəndinə asan girişi təmin etmək üçün humanitar səbəblərlə KKTC tərəfindən hazırlanıb.







