Bakı.TurkicWorld :
İranla ən uzun sərhədi olan Türkiyənin Van şəhərində qeyri-qanuni keçidlərin, qaçaqmalçılıq fəaliyyətlərinin və terrorçuların sızmasının qarşısını almaq üçün sərhəd xəttində tikilən beton divarın 173 kilometrlik hissəsi tamamlanıb, 163 kilometrlik hissədə isə 3 sıra ülgüc məftilləri çəkilib.
TurkicWorld xəbər verir ki, İran ilə 295 kilometrlik sərhəddə hər cür qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə başlayan işlər çərçivəsində təhlükəsizlik divarının tikintisi davam etdirilir. İndiyədək 173 kilometrlik beton divarı tamamlanıb, qalan hissələrdə işləri davam etdirilir.
Qruplar beton divarın 163 kilometrlik hissəsinə 3 cərgə ülgüc məftilləri çəkib və 347 kilometr səngər qazıb, həmçinin zədələnmiş hissələri təmir edirlər.
Türkiyənin təhlükəsizlik qüvvələri də hərəkətə həssas sensorlar, termal kameralar, gecəgörmə durbinləri, optik qüllələr və təhlükəsizlik divarı ilə nəzarət altında saxlanılan sərhəd xəttində həftənin 7 günü 24 saat xidmətlərinə davam edirlər.
Pilotsuz uçuş aparatları və texnologiyanın bütün imkanlarından istifadə edən təhlükəsizlik qüvvələri qarşılaşdıqları qeyri-qanuni fəaliyyətlərə dərhal müdaxilə edərək sərhəddən keçidlərin qarşısını almağa çalışırlar.