BAKI, TurkicWorld, Orxan Qədirzadə
Avropanın aparıcı dövlətləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazındakı əməliyyatlara dəstək çağırışına qarşı çıxaraq, genişmiqyaslı hərbi münaqişədə iştirak etməyəcəklərini bəyan ediblər.
TurkicWorld xəbər verir ki, Böyük Britaniya, Almaniya və Yunanıstan rəsmiləri Trampın NATO ölkələrinə ünvanladığı təhdid dolu xəbərdarlıqlara kəskin reaksiya veriblər.
Fevralın 28-dən başlayan ABŞ-İsrail və İran arasındakı müharibənin 17-ci günündə gərginlik Hörmüz boğazına keçib. Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin öncəliyinin vətəndaşlarını qorumaq və müdafiə tədbirləri görmək olduğunu, lakin daha böyük bir müharibəyə daxil olmayacaqlarını bildirib. O, hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının vacibliyini vurğulayıb.
Almaniya tərəfi isə məsələyə daha sərt münasibət bildirərək, bu münaqişənin NATO-nun fəaliyyət dairəsinə aid olmadığını diqqətə çatdırıb. Almaniyanın Xarici İşlər naziri İohann Vadeful ölkəsinin beynəlxalq hərbi əməliyyatlarda iştirak etməyəcəyini, bu mövqeyin Kansler Fridrix Mers və Müdafiə naziri Boris Pistorius tərəfindən də dəstəkləndiyini qeyd edib. Hökumət sözçüsü Ştefan Kornelius isə NATO-nun bir müdafiə ittifaqı olduğunu xatırladaraq, "Bu, NATO-nun müharibəsi deyil" ifadəsini işlədib.
Analoji mövqe Yunanıstan tərəfindən də sərgilənib. Hökumət sözçüsü Pavlos Marinakis Yunanıstanın Hörmüz boğazındakı əməliyyatlara qatılmasının müzakirə mövzusu belə olmadığını kəskin şəkildə ifadə edib. Beləliklə, Trampın "dəstək verilməsə, NATO-nu pis gələcək gözləyir" xəbərdarlığına qarşı müttəfiqlər vahid cəbhədən imtina cavabı veriblər.






