BAKI,TurkicWorld
29 sentyabr 2026-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, Fond tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş bədii-musiqili tədbirin keçirilməsi nəzərdə tutulur.
Tədbir çərçivəsində Xaqani Şirvaniyə həsr olunmuş pyeslər toplusunun təqdimatı keçiriləcək, eyni zamanda şairin həyat və yaradıcılığını əks etdirən bədii proqram təqdim olunacaqdır. Proqramda Xaqani Şirvaninin uşaqlıq və gənclik illərindən başlayaraq həyatının müxtəlif mərhələlərini əks etdirən səhnə obrazları təqdim ediləcək, şairin sözlərinə bəstələnmiş və ilk dəfə səsləndiriləcək musiqi əsərləri ifa olunacaqdır.
Tədbir çərçivəsində, həmçinin kitab sərgisi təşkil ediləcək. Sərgidə təqdim olunan kitablarla tanış olmaq, eləcə də nəşrlərin tərtibçisi, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn ilə görüşmək və onun imzasını əldə etmək imkanı yaradılacaq.
Keçiriləcək tədbirlər Xaqani Şirvaninin çoxəsrlik ədəbi irsinin təbliğinə, onun yaradıcılığının Türk dünyasının ortaq mədəni dəyərləri kontekstində tanıdılmasına və görkəmli şairin irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, ədəbiyyatşünaslar, elm adamları, həmçinin media nümayəndələrinin iştirakı gözlənilir.







