BAKI,TurkicWorld
İslam Əmək Mərkəzi ilə Seneqal Respublikasının Dövlət Xidməti, Əmək və İctimai xidmət islahatları Nazirliyi 24-cü Ümumdünya Əməyin Təhlükəsizliyi və Gigiyenası Konqresi çərçivəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, sənədi İslam Əmək Mərkəzinin baş direktoru Azər Bayramov və Seneqal Respublikasının dövlət xidməti, əmək və ictimai xidmət islahatları naziri Mamadu Lamin Diante imzalayıblar.
Memoranduma əsasən, İslam Əmək Mərkəzi 2027-ci il aprelin 26-dan 30-dək Dakarda keçiriləcək 24-cü Ümumdünya Əməyin Təhlükəsizliyi və Gigiyenası Konqresində strateji tərəfdaş qismində iştirak edəcək.
Strateji tərəfdaşlıq çərçivəsində rəqəmsallaşmanın və süni intellektdən istifadənin əməyin təhlükəsizliyi və gigiyenasına təsiri, eləcə də bu sahədə tədqiqatlar, texniki əməkdaşlıq və praktiki həllərin hazırlanması məsələlərinə diqqət yetirilib.
Memorandumun imzalanmasından əvvəl, sentyabrın 4-də İslam Əmək Mərkəzinin baş direktoru Azər Bayramov ilə Seneqal Respublikasının dövlət xidməti, əmək və ictimai xidmət islahatları naziri Mamadu Lamin Diante arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı tərəflər mövcud əməkdaşlığın genişləndirilməsi perspektivlərini, xüsusilə də əməyin təhlükəsizliyi və gigiyenası sahəsində gələcək birgə fəaliyyət istiqamətlərini müzakirə ediblər.
Müzakirələrin əsas mövzularından biri 2027-ci ildə Dakarda keçiriləcək 24-cü Ümumdünya Əməyin Təhlükəsizliyi və Gigiyenası Konqresinə hazırlıq, eləcə də Konqres çərçivəsində İslam Əmək Mərkəzi ilə Seneqal arasında strateji tərəfdaşlığın qurulması olub.
Azər Bayramov əməyin təhlükəsizliyi və gigiyenasının İslam Əmək Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O, peşə risklərinin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı yanaşmaların təşviqinin, təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılmasının, habelə üzv dövlətlər arasında bilik, təcrübə və qabaqcıl yanaşmaların mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində, Mamadu Lamin Diantе Ümumdünya Konqresinin ilk dəfə Afrika qitəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir qeyd edib ki, Konqres müxtəlif ölkələrin təcrübəsinin, əməyin təhlükəsizliyi və gigiyenası sahəsində innovativ həllərin və müasir yanaşmaların beynəlxalq səviyyədə təqdim və müzakirə olunması üçün mühüm platformaya çevriləcək.
O vurğulayıb ki, İslam Əmək Mərkəzinin strateji tərəfdaş qismində iştirakı İƏT-ə üzv dövlətlərin Konqresdə fəal iştirakına, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.
Qeyd edək ki, Seneqallı nazir Mamadu Lamin Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti 3-4 sentyabr 2026-cı il tarixlərində işgüzar səfərlə Azərbaycanda olub.
Səfər İslam Əmək Mərkəzi tərəfindən təşkil edilib.







