BAKI,TurkicWorld Orxan Qədirzadə
2 İyul 2026-cı il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasında Türk Dünyası Həftəsi çəçivəsində “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpoziumu işə başlayıb.
Simpozium Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamının icrası çərçivəsində təşkil olunub.
Simpoziumun açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən tədbirlər Azərbaycan dövlətinin bu tarixi hadisəyə verdiyi yüksək dəyərin ifadəsidir. Professor Aktotı Raimkulovanın sözlərinə görə, simpoziumun əsas mövzusu olan “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” ideyası türk dünyasının ortaq tarixi yaddaşını gələcəyə daşıyan mənəvi körpü rolunu oynayır.
Aktotı Raimkulova çıxışında son illərdə Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında uğurla inkişaf edən əməkdaşlığı xüsusi vurğulayıb. O, AMEA Folklor İnstitutu ilə həyata keçirilən birgə layihələrin, o cümlədən türk xalqlarının qəhrəmanlıq dastanlarını əhatə edən Folklor Antologiyasının ortaq elmi irsin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyasının İdarə Heyətinin sədri professor Öcal Oğuz və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Mustafa Şabanov çıxış ediblər.
Plenar iclas çərçivəsində Qazaxıstanın M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru akademik Kenjexan Matıjanov, Hacettepe Universitetinin professoru Özkul Çobanoğlu, Ege Universitetinin professoru Metin Ekici, Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Ədəbiyyat Muzeyinin professoru Jabbor Eşonqulov məruzələrlə çıxış edərək türk xalqlarının ortaq folklor irsi, türkoloji tədqiqatların müasir istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Yerli və xarici qonaqlar tərəfindən Birinci Türkoloji Qrurultaya həsr olunmuş müxtəlif kitablar Mərkəzi Elmi Kitabxananın Fonduna hədiyyə olunub.
Simpoziumun türk dünyasının ortaq elmi irsinin araşdırılması, türkoloji və folklorşünaslıq sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də Birinci Türkoloji Qurultayın ideya irsinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm platforma olacağı vurğulanıb.







