Bakı. TurkicWorld
27 aprel 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prof. Dr. Aktotı Raimkulovanın Qaziantep şəhərinə (Türkiyə) işgüzar səfəri çərçivəsində Türkiyə Arxeologiya və Mədəni İrs İnstitutunun rəhbəri professor Prof. Dr. Şaban Doğan ilə görüşü baş tutub.
TurkicWorld xəbər verir ki, tərəflər Türk dünyasının ortaq mirasının qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində strateji tərəfdaşlıq imkanlarını müzakirə ediblər.
Görüş zamanı Aktotı Raimkulova Şaban Doğanı Türkiyə Arxeologiya və Mədəni İrs İnstitutun rəhbər vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Fondun prezidenti birgə əməkdaşlıq çərçivəsində Qaziantepdə keçirilən “Türk Mədəni İrsinə aid Strateji Əməkdaşlıq Konfransı: Mədəni Mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə” layihəsini əməkdaşlığı dərinləşdirmək üçün mühüm fürsət kimi qiymətləndirib.
Professor Şaban Doğan öz növbəsində rəhbərlik etdiyi qurumun hədəflərindən danışaraq, Fondla əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıb. Professor Doğan vurğulayıb ki, aparılan tədqiqatlar və arxeoloji qazıntılar yalnız akademik xarakter daşımır, həm də Türk dünyasının ortaq tarixi yaddaşını gücləndirir.
Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçib, tərəflər gələcək əməkdaşlığın perspektivlərinə dair əminliklərini ifadə ediblər.







