Son dəqiqə

Qırğızıstan Mədəniyyət Nazirliyi Adil Kərimli

Mədəniyyət Nazirliyində Qırğızıstan nümayəndə heyəti ilə görüş olub

BAKI, TurkicWorld

Aprelin 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Qırğızıstan nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qeyd edək ki, Qırğızıstanın Dövlət katibi Arslan Koyçiyev, mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev və başqa şəxslərdən ibarət nümayəndə heyəti dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 100 illik yubiley tədbirləri çərçivəsində Toktokul Satılqanov adına Qırğız Milli Filarmoniyası tərəfindən hazırlanan “Cəmilə” müziklinin təqdimatı münasibətilə Azərbaycana gəlib.

Qonaqları səmimi salamlayan nazir Adil Kərimli bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr Prezident İlham Əliyev və Prezident Sadır Caparovun rəhbərliyi altında ildən-ilə inkişaf edir.

Qeyd olunub ki, son illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, bədii kollektivlərin səfərləri və müxtəlif sənət layihələri əməkdaşlığı daha da möhkəmləndirir.

Nazir diqqətə çatdırıb ki, Azərbaycanda dahi qırğız yazıçısı Çingiz Aytmatov zəngin yaradıcılığına həmişə böyük rəğbət olub. Onun əsərləri əsasında hazırlanan teatr tamaşaları maraqla qarşılanıb. Vurğulanıb ki, 2024-cü ilin 24 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Caparovun iştirakı ilə Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi keçirilib.

Bildirilib ki, Çingiz Aytmatovun 100 illik yubileyi Türk dünyasında, o cümlədən Azərbaycanda geniş qeyd olunur. Görkəmli yazıçı bütün insanlığı düşündürən dəyərli əsərlər qələmə alıb və onun irsi əbədi yaşayacaq.

Səmimi qəbula görə təşəkkür edən Qırğızıstanın Dövlət katibi Arslan Koyçiyev iki ölkə arasında mədəni əlaqələrin müxtəlif sahələr üzrə inkişafında maraqlı olduqlarını deyib. Dövlət katibi Qırğız Milli Filarmoniyası tərəfindən hazırlanan “Cəmilə” müziklinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təqdimatına yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan və Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov da iştirak edib.

Mövzuya görə xəbərlər