BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ərsəyə gətirilən “Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin ilk bölümü "YouTube"un "TurkDiscovery" platformasında izləyicilərə təqdim edilib.
TurkicWorld xəbər verir ki, türk xalqlarının mənəvi dünyasını və tarixi vəhdətini əks etdirən bu layihə nəsillər arasında körpü rolunu oynayaraq, türk ruhunun silinməz izlərini geniş auditoriyaya çatdırır.
Layihənin əsas məqsədi Türk dünyasının geniş coğrafiyasına yayılmış qayaüstü rəsmlər (petroqliflər), damğalar və runik əlifbalar vasitəsilə ortaq tarixi yaddaşı vizuallaşdırmaqdır. Ekran əsəri minilliklərin nəfəsini qoruyub saxlayan müqəddəs məkanlardan və daşlara həkk olunmuş kimlik izlərindən bəhs edir. Filmin ilk bölümü Xəzər dənizi sahillərindən Azərbaycanın Qarabağ düzlərinədək uzanan geniş regionda türk irsinin elmi-mədəni mənzərəsini yenidən canlandırır.
Mütəxəssis rəyləri ilə zənginləşdirilmiş sənədli filmdə Qayı, Əfşar, Səlcuq, Qıpçaq və digər türk tayfalarının daş yaddaşına həkk olunmuş nişanələri barədə ətraflı məlumat verilir. Çəkilişlər zamanı qədim məkanlarda aşkar edilən və türk xalqlarının bir növ “pasportu” hesab olunan tamğaların sirləri pərdəarxası məqamlarla işıqlandırılır. Layihə həmçinin sübut edir ki, Azərbaycan ərazisindəki qədim petroqliflər, kurqanlar və daş balballar Altaydan Anadoluya qədər uzanan böyük Türk dünyasının vahid mədəniyyət kodunun ayrılmaz tərkib hissəsidir.







