Son dəqiqə

Heydər Əliyev Mingəçevir Emin Əmrullayev elm və təhsil naziri Natiq Qasımov

Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Yanvarın 29-da elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərinə səfər edib.

Bu barədə TurkicWorld-a Elm və Təhsil Naziriliyi məlumat verib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Nazir Mingəçevir şəhərində Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 nömrəli tam orta ümumtəhsil məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimində iştirak edib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil idarəsinin müdiri Həmid Qasımov, Milli Qəhrəmanın ailə üzvləri və məktəb kollektivi iştirak ediblər.

Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev məktəb mühitində qəhrəmanların xatirəsinin yaşadılmasının gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, təhsil təkcə bilik və bacarıqların verilməsi ilə məhdudlaşmır, eyni zamanda vətəndaş məsuliyyətinin, milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin möhkəmləndiyi əsas platformadır.

Çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Qəhrəman Natiq Qasımovun adının məktəbdə yaşadılmasının şəhərin gəncləri üçün örnək və mühüm mənəvi dəyər kəsb etdiyini bildirib.

Şəhidin qardaşı Nofəl Qasımov öz növbəsində ailəsi adından göstərilən diqqət və ehtirama görə təşəkkür edib.

Açılış mərasimindən sonra elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhəri Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbdə bir qrup gənc müəllim və məktəb direktoru ilə görüşüb.

Səmimi dialoq formatında keçən görüş zamanı məktəblərdə tədris mühitinin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı və məktəb idarəçiliyində səmərəliliyin artırılması məsələləri geniş müzakirə olunub.

Elm və təhsil naziri Emin Əmrullayev görüşdə müəllimin yalnız fənn biliklərini ötürən şəxs deyil, eyni zamanda yaxşı metodist, düzgün istiqamət verən və şagirdi düşünməyə təşviq edən pedaqoq olmasının vacibliyini vurğulayıb. Nazir şagird–müəllim münasibətlərinə də toxunaraq bildirib ki, qarşılıqlı etimad və hörmət üzərində qurulan münasibət təlim nəticələrinə birbaşa təsir göstərir.

Görüşdə dərsliklərin məzmunu və tətbiqi ilə bağlı məsələlərə də diqqət yetirilib. Müəllimlər tədris prosesində qarşılaşdıqları çətinliklər, dərs yükü, metodiki dəstək, qiymətləndirmə mexanizmləri, dərsliklərlə bağlı təkliflər, həmçinin şagirdlərin oxu bacarıqlarının inkişafı ilə bağlı suallar səsləndiriblər. Nazir bütün sual və təklifləri diqqətlə dinləyib, mövcud islahatlar, planlaşdırılan yeniliklər və praktik yanaşmalar barədə ətraflı məlumat verib.

Məktəb direktorları da öz növbəsində idarəetmədə qarşılaşdıqları məsələlər, məktəbdaxili monitorinq, müəllimlərlə iş və valideynlərlə əməkdaşlıq mövzusunda fikirlərini bölüşüblər.

Görüş zamanı nazir məktəb rəhbərlərinin təşəbbüskarlığının və məsuliyyətinin təhsilin keyfiyyətinə birbaşa təsir etdiyini qeyd edib.

Sonda Emin Əmrullayev təhsil ictimaiyyəti ilə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq müəllim və direktorların səsləndirdiyi təkliflərin nəzərə alınacağını bildirib, eyni zamanda Mingəçevir məktəblərinin pedaqoji kollektivinə uğurlar arzulayıb, təhsildə keyfiyyətin yüksəldilməsinin yalnız birgə əməkdaşlıq və ardıcıl fəaliyyətlə mümkün olduğunu qeyd edib.

Mövzuya görə xəbərlər