Son dəqiqə

Emin Əmrullayev müəllim müəllimlər

Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir - Emin Əmrullayev

BAKI,TurkicWorld

Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir.

Bu fikir elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.

O bildirib ki, müəllimlik ən çətin, eyni zamanda, ən şərəfli peşələrdən biridir:

"Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram".

Qeyd edək ki, bu gün Beynəlxalq Müəllimlər Günüdür. 5 oktyabr 1966-cı ildə UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.

Azərbaycanda Müəllimlər Günü 1993-cü ildən qeyd olunur.

Mövzuya görə xəbərlər