BAKI, TurkicWorld
İnformasiya məkanında Türk dünyasının müdafiə arxitekturasının gücləndirilməsi zəruridir.
TurkicWorld xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin rəhbəri Burhanettin Duran Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışı zamanı deyib.
"Hamımız onun şahidi olmuşuduq ki, İkinci Qarabağ müharibəsi təkcə döyüş meydanında aparılmırdı. Eyni dərəcədə amansız və prinsipial mübarizə kommunikasiya müstəvisində də gedirdi. Müharibə dövründə və ondan sonra Azərbaycanın qələbəsini təhrif etməyə və gözdən salmağa yönəlmiş çoxsaylı dezinformasiya kampaniyaları həyata keçirildi. Bu saxtakarlıqları ifşa etməklə biz Azərbaycanın Zəfərinə informasiya məkanında da mühüm dəstək göstərmiş olduq.
Bu kontekstdə həmin dövrdə aşkar etdiyimiz manipulyativ materiallardan birini – ictimai rəyə təsir baxımından ən riskli olanlardan birini – sizinlə bölüşmək istərdik. Söhbət "Qarabağa daxil olan azərbaycanlı əsgərlər yaşlı erməni qadını ələ salırlar" başlığı ilə yayılan saxta xəbərdən gedir. İddia olunurdu ki, guya bir əsgər yaşlı qadına su stəkanı uzadır, digəri isə o, su içmək istədiyi anda nümayişkaranə şəkildə suyu tökür. Halbuki videonun tam versiyasında aydın və birmənalı şəkildə görünür ki, azərbaycanlı hərbçi yaşlı erməni qadına öz əli ilə su içirdir", – deyə o bildirib.
B. Duran təəssüflə qeyd edib ki, hazırkı dövrdə kadrların kəsilib montaj edilməsi və kontekstdən çıxarılması yolu ilə görüntülərə tamamilə başqa, təhrif olunmuş məna vermək mümkündür.
"Üstəlik, süni intellekt texnologiyalarının tətbiqi ilə reallığın saxtalaşdırılması keyfiyyətcə yeni mərhələyə keçir. Belə bir mühitdə yeni kommunikasiya alətləri təkcə imkanlar deyil, həm də ciddi təhdidlər yaradır. Bu təhdidlərlə yalnız birgə strategiyaların həyata keçirilməsi yolu ilə mübariə aparmaq olar. Bizə kənardan sırımağa çalışılan hekayə və narrativləri ancaq birlikdə – öz, ortaq və uzlaşdırılmış hekayəmizi formalaşdırmaqla – dağıtmaq mümkündür. Başqa sözlə, dezinformasiyaya qarşı mübarizədə daha konkret, institusional əməkdaşlıq formaları qurmaq məcburiyyətindəyik. Birgə faktçekinq mexanizmləri yaratmalı, erkən xəbərdarlıq sistemlərini işə salmalı və bir-birimizlə vaxtında məlumat mübadiləsi aparmalıyıq", – deyə o vurğulayıb.
B. Duran bildirib ki, Türkiyə öz növbəsində media savadlılığının artırılması, uşaqların və gənclərin rəqəmsal təhdidlərdən qorunması, kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi, süni intellektdən istifadə etməklə manipulyasiyalara qarşı monitorinq üçün alqoritmik alətlərin hazırlanması, eləcə də dövlət qurumları arasında informasiya mübadiləsinin institusionallaşdırılması kimi istiqamətlərdə son dərəcə vacib addımlar atır.
"Bu məsələdə bizim qəti və birmənalı siyasi iradəmiz var. Xüsusilə vurğulamaq istəyirəm ki, bu sahədə formalaşdırdığımız potensialı qardaş ölkələrlə böyük məmnuniyyətlə bölüşməyə və onlarla birgə fəaliyyət qurmağa hazırıq. Bütün tərəflərin belə əməkdaşlığa hazır olduğunu da görürük. Bu yanaşma, həmçinin türk dünyasının bütövlüyünə qarşı yönəlmiş, süni şəkildə yaradılan hər cür parçalanma cəhdlərinə qarşı kollektiv mövqenin açıq nümayişi olacaq.
Ölkələrimiz arasında məlumat mübadiləsi, təcrübənin ötürülməsi, birgə təhsil mexanizmlərinin yaradılması və operativ reaksiya qabiliyyətinin formalaşdırılması informasiya məkanında türk dünyasının müdafiə arxitekturasının əsas elementlərinə çevriləcək. Biz dövlətlərimizi, birliyimizi və qardaşlığımızı dezinformasiya kampaniyalarından qorumalıyıq. Onların dağıdıcı təsirini neytrallaşdırmaq üçün beynəlxalq, institusional mexanizmlə gücləndirilmiş, əlaqələndirilmiş milli siyasət zəruridir", – deyə İdarə rəhbəri bildirib.






