Son dəqiqə

Türkiyənin Azərbaycandakı səfirliyi MÜSİAD Azərbaycan Birol Akgün

Bakıda “VI Müstəqil İş Adamları” tədbiri keçirilib

BAKI, TurkicWorld

MÜSİAD Azərbaycan İctimai Birliyinin İstehsalat və Ticarət Komissiyasının təşkilatçılığı ilə "6-cı Müstəqil İş Adamları Görüşü" keçirilib.

TurkicWorld xəbər verir ki, tədbirə MÜSİAD Azərbaycan üzvləri də daxil olmaqla, 250-yə yaxın sahibkar qatılıb. İş dünyasının fərqli sahələrini təmsil edən sahibkarlar bir araya gələrək yeni tərəfdaşlıqlar qurmaq, birgə layihə imkanlarını araşdırmaq və ölkə ilə dünya iqtisadiyyatı barədə fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Görüşdə həmçinin Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)-nın İdarə Heyəti sədrinin müavini Emil Hüseynli, Trabzon Ticaret ve Sanayi Odası İdarə Heyətinin sədri Erkut Çelebi, İqtisadiyyat Nazirliyi, eləcə də Təhsilin İnkişafı Fondu, digər dövlət qurumları və Türkiyə Səfirliyinin müşavirləri yer alıblar.

Tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan ilə Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli çıxışında Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin strateji əhəmiyyətinə diqqət çəkib. O dövlət başçıları cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən müəyyən edilmiş illik 15 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi hədəfinə töhfə vermək üçün MÜSİAD Azərbaycan olaraq fəal şəkildə çalışdıqlarını qeyd edib.

“Bu səylərin nəticəsi olaraq son üç il ərzində MÜSİAD Azərbaycan üzvləri tərəfindən ölkə iqtisadiyyatına 75 milyon manat dəyərində investisiya yatırılıb. 2025-ci il ərzində bu rəqəmin 100 milyon manata çatacağı proqnozlaşdırılır” deyə sədr qeyd edib.

Tədbirin maraqlı məqamlarından biri də yaxın zamanda fəaliyyətə başlayacaq Abşeron Texnoparkı ilə bağlı elan olub. Rəşad Cabirli çıxışında texnoparkın sahibkarlar üçün təqdim edəcəyi vergi güzəştləri, innovativ iş mühiti və digər üstünlüklər haqqında bəhs edərək sahibkarları Abşeron Texnoparkının rezidenti olmağa dəvət edib. Görüşdə həmçinin Türkiyənin Gebze Organize Sanayi Bölgesi (GOSB) Texnoparkının baş direktoru Prof. Dr. Murat Çemberci tərəfindən yaxında fəaliyyətə başlayacaq Abşeron Texnoparkı ilə bağlı geniş təqdimat keçirilib.

Tədbirin təşkilində göstərdikləri dəstəyə görə sponsorlara təşəkkürümüzü bildiririk: Bahçeşehir Universiteti (BAU), Uyumsoft Bilgi Sistemleri ve Teknolojileri Ticaret A.Ş., Dəyər Media Group (DMG), Xəzri TN MMC (Nömrə 1 Çörək Zavodu), Logix Solutions, ATS FOOD MMC (Çörəkçi), ATA Pack MMC, İdeart MMC, SCZ Metal, İCT Bulut Bilişim, Bakı Nitq Mərkəzi, Turkesh Dekor MMC.

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və MÜSİAD Azərbaycan İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.

Mövzuya görə xəbərlər