Bakı, TurkicWorld
27 sentyabr Azərbaycanda Anım Günüdür. Xalqımız 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!
“27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini - torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu” – Bu fikirlər Siyəzən şəhəri “Cümə” məscidində 27 sentyabr Anım Günü münasibətilə keçirilən tədbirdə açıqlandı.
Bildirildi ki, “2020-ci ilin 27 sentyabrı böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Həmin gündən Vətən savaşının qələbə dolu əks-sədası eşidildi. Böyük qələbəmizə doğru ilk addımın atıldığı gün heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən savaşındakı şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq. Şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba – Xaçmaz regional bölməsinin təşəbbüsü, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə 26 sentyabrda təşkil edilən anım tədbirində ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, din xadimləri iştirak etmiş, Şəhidlərin əziz ruhuna Qurani-Kərimdən surələr oxunmuşdur.
Quba – Xaçmaz regional bölməsi
27.09.2024-cü il