Bakı, TurkicWorld
Okyabrın 4-də Siyəzən şəhərində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba - Xaçmaz regional bölməsinin, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda seminar keçirilib.
TurkicWorld xəbər verir ki, seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba – Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzə rayonu üzrə Gənclər və idman sektorunun baş məsləhətçisi Nuran Nurullayev, gənclər və yeniyetmələr iştirak edib.
Çıxışlar zamanı bildirilib ki, hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir.
Qeyd olunub ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək qoruyub saxlayıb və gənc nəsilə ötürüb.
İştirakçılara ətraflı məlumat verilərək, sonda onları maraqlandıran suallar cavablandırılıb.