Bakı, TurkicWorld
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 27 sentyabr – Anım Günündə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Anım Günü ilə əlaqədar müxtəlif tədbirlər, toplantılar, sərgilər, xatirə guşələri təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən TurkicWorld-ə bildirilib ki, Norveç Krallığının Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbində şagirdlərin iştirakı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Şagirdlər Azərbaycan şairi Hüseyn Arifin "Mən sülhə səs verirəm" və Baba Vəziroğlunun "Qarabağı gözəl gördüm", "Vətən" şeirlərini və şairlərimizin qəhrəman şəhidlərimizə həsr olunmuş şeirlərini söyləyiblər. Həftəsonu məktəbinin müəllimləri Anım Gününün xalqımızın tarixindəki əhəmiyyətindən danışıb və Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarından böyük fəxr və iftixar hissi ilə bəhs ediblər.
Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Almaniyanın Münster şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdəsoydaşlarımızla yanaşı, Yəhudi və Alman icmalarının nümayəndələri də yaxından iştirak edib.Çıxışlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən oğulları anılıb.Respublikamızın multikultural dəyərlərə sahib bir ölkə olduğu, həm birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin ərazi bütövlüyümüz uğrunda vuruşduğu və canından keçdiyi vurğulanıb. Tədbirdə, həmçinin İsrail və Azərbaycanın tarixi dostluq əlaqələrindən danışılıb. Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunov haqqında çəkilmiş "Tank 533 Albert Aqarunov" qısametrajlı filmi göstərilib.
Özbəkistanda Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAzMMM), Daşkənd şəhərinin "Qardaşlıq" mədəniyyət mərkəzinin, RAzMMM-nin nəzdində fəaliyyət göstərən Gənclər Mərkəzinin, Özbəkistandakı Azərbaycan diasporunun fəalları birgə təşkilatçılığı və iştirak ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Anım Günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan ərazilərinin bərpası uğrunda həyatlarını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, xatirə memorialının qarşısına güllər düzülüb. Çıxışçılar Azərbaycan Ordusunun yenilməzliyindən, Vətən müharibəsində göstərdikləri şücaətdən danışıb. Eyni zamanda, RAzMMM-nın Sırdərya və Buxara filiallarında da şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Gürcüstanda yaşayan soydaşlarımız da Anım Günü ilə əlaqədar bir sıra tədbirlər təşkil edib.Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin,Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin,Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin, Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirlərdəAzərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxışçılar rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını söyləyib. Qələbəninmillətin həmrəyliyinin, xalq-iqtidar birliyinin, güclü ordunun və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin və gərgin siyasi-diplomatik fəaliyyətinin nəticəsində qazanıldığı vurğulanıb.
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 44 günlük Vətən Müharibəsində şəhid olan Gürcüstan əsilli qəhrəmanlara həsr edilmiş "Ölümsüzlər" kitabının təqdimatı olub. Azərbaycan və gürcü dillərində Tbilisidə çapdan çıxmış kitabın müəllifi şair-publisist Rafiq Hümmət nəşr haqqında ümumi məlumat verərək, borçalılıların, bütövlükdə Gürcüstan azərbaycanlılarının həm Gürcüstanın, həm də Azərbaycanın azadlıq mübarizlələrində daim ön sıralarda olduqlarını qeyd edib.