Bakı, TurkicWorld
2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsinə dərin ehtiramın ifadəsi olaraq 27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur.
TurkicWorld xəbər verir ki, bu barədə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 27 Sentyabr - Anım günü ilə bağlı yaydığı bəyanatda deyilir.
"Azərbaycan xalqının iradəsi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qalib Azərbaycan ordusunun əzmi və bənzərsiz şücaəti müasir tarixə misilsiz hadisə kimi həkk olunan böyük qələbəni gətirdi. TÜRKPA anım günü münasibətilə vətən uğrunda şəhidlik səviyyəsinə yüksəlmiş qəhrəman övladların əziz xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyir", - deyə əlavə edilib.
Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.
Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.