Bakı, TurkicWorld
Okyabrın 11-də Siyəzən rayonu Sədan kənd tam orta məktəbində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba - Xaçmaz regional bölməsinin, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib.
TurkicWorld xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba – Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzə rayonu üzrə Gənclər və idman sektorunun baş məsləhətçisi Nuran Nurullayev, müəllimlər, gənclər və yeniyetmələr iştirak edib.
Çıxışlar zamanı bildirilib ki, Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Qeyd olunub ki, Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Vətənpərvərlik nümunəsi sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını təmin etməyə çalışmaqdır.
İştirakçılara ətraflı məlumat verilərək, sonda onları maraqlandıran suallar cavablandırılıb.