Son dəqiqə

Laçın Tuva Cihangir Atasever

Tuva Cihangir Atasever Laçında səfərdə olub

Bakı. TurkicWorld

Türkiyənin iki kosmonavtından biri, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı, iyunun 8-də kosmosa uçan Tuva Cihangir Atasever Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti və təşkilatçılığı ilə Azərbaycana gələrək Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin qonağı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən TurkicWorld-a bildirilib ki, gənclər türkiyəli kosmonavtı sürəkli alqışlarla qarşılayıblar.

Düşərgə iştirakçıları Cihangirin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına, o cümlədən Laçına səfərini, düşərgədə iştirakını, onlarla görüşünü yüksək qiymətləndiriblər. Onun Azərbaycan bayrağını göylərə qaldırmasından, kosmosa aparmasından fərəh və qürur duyduqlarını bildiriblər.

Tuva Cihangir Atasever düşərgə iştirakçılarına kosmosa uçuşu və orada keçirdiyi elmi tədqiqatlar barədə ətraflı məlumat verib, gəncləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Türkiyənin 36 min namizədin içindən seçilən ilk iki kosmonavtından biri olan Tuva Cihangir Atasever ana tərəfdən azərbaycanlıdır. “Roketsan”da sistem mühəndisi işləyən T.C.Atasever Bilkent Universitetinin Elektrik və Elektronika Mühəndisliyi bölümündən məzun olub, İrvayn şəhərindəki Kaliforniya Universitetində elektrik-elektronika mühəndisliyi sahəsində magistr təhsili alıb.

Mövzuya görə xəbərlər