Son dəqiqə

Azərbaycan Səhiyyə Nazirliyi TƏBİB

Ölkəyə qızılca əleyhinə peyvənd gətirilir - RƏSMİ

Bakı. TurkicWorld:

İlin sonuna kimi yuxarı yaş qrupundan olan vətəndaşların qızılca əleyhinə vaksinasiyası üçün peyvəndlər gətiriləcək.

TurkicWorld xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Səhiyyə Nazirliyi tərəfindən qızılca əleyhinə vaksinasiya ilə bağlı da ciddi addımlar atılır. TƏBİB-in tabeliyində olan müəssisələrdə qızılca üçün peyvəndləmə həyata keçirilir. İlin sonuna doğru daha üst yaş kateqoriyaları üçün vaksinlərin ölkəyə gətirilməsi nəzərdə tutulub. Əvvəlki dövrlərdə vaksinasiya təminatından istifadə etməyən vətəndaşlar belə bu xidmətdən yararlana biləcəklər", - deyə V.Qurbanov qeyd edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.

Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

Mövzuya görə xəbərlər