BAKI,TurkicWorld
Son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə göstərməkdədir.
TurkicWorld xəbər verik ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ilk növbədə, əhalinin sağlamlığının qorunması və keyfiyyətli, əlçatan tibbi xidmətlərin təmin olunması istiqamətində mühüm addımlar atılıb:
"Bu kontekstdə xüsusilə vurğulamaq lazımdır ki, icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfi genişləndirilib və nəticə etibarilə vətəndaşlara göstərilən xidmətlərin həcmində əhəmiyyətli artım qeydə alınıb.
Məhz buna görə də infrastrukturun yenilənməsi və tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində hər il milyonlarla vətəndaşa ambulator, stasionar və cərrahi tibbi xidmətlər göstərilir.
Digər tərəfdən, həyata keçirilən islahatların dayanıqlı olması üçün insan resurslarının gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, davamlı islahatlar çərçivəsində tibb mərkəzlərinə, xüsusilə rəhbər heyətə təcrübəli, peşəkar və yüksək nüfuza malik kadrların cəlb olunması istiqamətində məqsədyönlü işlər aparılır.
Əlbəttə ki, bütün bu proseslər prioritet istiqamətlər üzrə sistemli şəkildə davam etdirilir. Bu səbəbdən də rəqəmsallaşmanın genişləndirilməsi və vahid elektron sistemin formalaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım sisteminin təkmilləşdirilməsi, ilkin səhiyyə xidmətinin gücləndirilməsi, eləcə də tibb işçilərinin əmək şəraitinin yaxşılaşdırılması, həkimlərin hüquqlarının qorunması və peşənin nüfuzunun artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Nəticə etibarilə, həyata keçirilən bütün bu tədbirlərin əsas məqsədi, TƏBİB-in fəaliyyətində ana xətt vətəndaş məmnuniyyətinin təmin olunması və səhiyyə sisteminə ictimai etimadın daha da gücləndirilməsidir".






